Digitallaşan Dünyada Hər şey Digitala Doğru Ola Bilər
Digitallaşan Dünyada  Hər şey Digitala Doğru Ola Bilər

Digitallaşan Dünyada Hər şey Digitala Doğru Ola Bilər

Gəlin əvvəlcə müsahibim Orxan Rzayev ilə qısaca tanış olaq:

Orxan Rzayev 2013-cü ildən startap sektorundadır. Manads, Roadinfo, Coli kimi layihələrin həmtəsisçisi olub. Hazırda MobChannel startapı ilə məşğuldur. 2016-cı ilin mart ayında Vaqif Abbasovla birgə Mediamark Agentliyini təsis edib, hazırda Agentliyi idarə edir. 5  ildən artıq müddətdir ki, sosial media marketinqi üzrə fəaliyyət göstərir, 100-dək şirkətə konsultasiya verib, rəqəmsal marketinq strategiyasının qurulmasına iştirak edib, mütəmadi seminarlar keçir. 2014-cü ildən Orkhanrza.com bloqu fəaliyyət göstərir (2016-cı ilin III rübündə bloq ölkədə ən çox oxunan sosial media, marketinq bloqu olub).

İndi isə müsahibəmizə başlayaq.

 

  • 1. Digital Marketinq nədir?

Bu gün biz digitallaşan (rəqəmsallaşan) dünyada yaşayırıq deyə bir çox digər fəaliyyət sahələri kimi marketinq fəaliyyətinin də digital istiqaməti sürətlə inkişaf edir və proirotetə çevrilir. Digital marketinq – marketinq fəaliyyətinin rəqəmsal alətlər, rəqəmsal texnologiyaların köməyi ilə həyata keçirilməsidir. Bura həm sosial şəbəkələr, vebsaytlar, e-mail xidmətləri, həm də mobil telefonlar, smart televizorlar, elektron bilbordlar və s. aid etmək olar. 

 

  • 2. Digital marketinq hansı üsullarla və vasitələrlə həyata keçirilir?

Digital marketinq və sosial media marketinqi bir-birinə çox bağlıdır. Çünki siz sosial mediadan kənar istənilən digital alətlərdən istifadə etdikdə, istənilən dijital fəaliyyət həyata keçirdikdə belə, o fəaliyyəti sosial mediaya daşımalısınız, yəni o fəaliyyətiniz sosial mediada öz əksini tapmalıdır. Ona görə bugünkü gündə sosial media marketinqini düzgün qurmaq, deyərdim ki, ilk addımlardan olmalıdır. Sizin müştəriniz ola bilər heç vaxt sizin mağazanıza daxil olmayacaq. Amma o sizin sosial mediadakı "mağazanıza" hər gün daxil olmaqdadır. Sizi sosial mediadan tanımaq istəyir, sizin haqda məlumatları sosial mediadan almaq istəyir.

 

  • 3. Ənənəvi marketinq ilə digital marketinqin fərqləri və üstünlükləri nədir?

Digital marketinqi ənənəvi marketinqlə müqayisə etdikdə bir neçə ciddi fərq yaranır ki, məhz bu fərqlərə görə bu gün bütün dünya marketinq büdcəsinin böyük qismini digitala xərcləməkdədir.

Ənənəvi marketinq fəaliyyəti zamanı siz hədəf auditoriyanızı təxmini seçə bilirsiniz, amma rəqəmsal alətlərlə çox dəqiqliklə müəyyənləşdirə bilərsiniz.

Ənənəvidə müştərilərin sizin mesajınıza necə reaksiya verdiklərini öyrənməyiniz demək olar ki, mümkün deyil, amma rəqəmsalda bunu anbaan izləyə bilirsiniz, reaksiyaları, təklif və ya iradları analiz edə bilirsiniz ki, bu da növbəti addımı daha uğurlu atmağınıza böyük kömək olur.

Ənənəvidə hər 1000 nəfərə məlumat çatdırmaq üçün 40 dollaradək vəsait xərcləyirsinizsə (qəzet-jurnal 30-40 dollar, TV 25-35 dollar, radio 13-17 dollar və s.), sosial şəbəkədə 1000 nəfərə məlumat çatdırmaq 1 dollara, bəzən hətta 1 qəpiyə başa gəlir.

 

  • 4. Azərbaycanda Digital Marketinqin inkişaf səviyyəsi necədir?

Azərbaycanda digital marketinqin inkişafı sürətlə gedir. Bu, güclü dijital marketinq mühitinin olduğu demək deyil, amma hansısa bir dövrlə bir il, iki il öncəki analoji dövrü müqayisə etsək kifayət qədər inkişafın olduğunu görə bilirik. Bu mövzuya həm agentliklər, həm də şirkətlər böyük diqqət ayırmağa başlayıb. Diqqət varsa, maraq varsa mütləq inkişaf olacaq. Bir dəfə, üç dəfə, beş dəfə uğursuz olacaq, amma altıncıda ortaya  uğurlu bir iş çıxacaq .

 

  • 5. Hal-hazırda Digital Marketinq sahəsində nə kimi yeniliklər var?

Bu sahə çox sürətlə dəyişən sahədir. Ona görə yeniliklər başqa sahələrlə müqayisədə burada daha tez “köhnəlir”. Məsələn,  indi burda qeyd edəcəyim yeniliklər 2016-cı ilin sonu üçün yenilikdir. 5-6 ay sonra bu yazını kimsə oxuduqda o mövzuların əksəriyyəti artıq yenilik sayılmayacaq.

Amma uzunmüddətli trendlər haqda danışsaq bu gün biz video-məzmunu qeyd edə bilərik. Digitalda video növbəti ildə də (illərdə də) trend olacaq. Mobil marketinqə diqqəti çoxaltmaq lazımdır. Azərbaycanda da mobildən internetə giriş həcmi sürətlə artır və bu tendensiya davam edəcək.

Dünyada “ağıllı saatlar, “ağıllı eynəklər” və bu kimi “ağıllı cihazlar” artıq dijital marktinqdə istifadə olunmağa başlayır. Bu, bir müddət sonra bizə də gəlib çıxa bilər. Virtual Reallıq çox bir müddət sonra  digital marketinqdə özünə kifayət qədər yer tapacaq.

Qısamüddətli trendlərə isə baxsaq, məsələn, bir müddət öncə Facebook Canlı Yayım (Facebook Live) funksiyasını aktivləşdirdi. Həmin vaxtadək müxtəlif canlı yayım xidməti verən platformalar, sosial şəbəkələr (Məs, Twitter’in Periscope xidməti) mövcud olsalar da çox populyarlaşmamışdı. Facebook istifadəçi sayına görə qısa zamanda bu xidmətini trendə çevirə bildi və hazırda da bundan müxtəlif marketinq fəaliyyəti zamanı geniş istifadə olunur. Son ABŞ seçkiləri zamanı hətta bu Canlı Yayım funksiyasından maraqlı bir formada istifadə edilməyə başlanıldı: Canlı Yayım davam etdiyi müddətdə ekranda səsvermə gedir, həmin yayımın paylaşımına reaksiya verilir (“like”, “love”, “angry”, “wow” və s.) və Canlı yayımda gördüyünüz səsvermədə sizin səsiniz dərhal qeydə alınır. Bu, maraqlı bir addım idi və sürətlə populyarlaşdı. Bu günlərdə Instagram da Canlı Yayım funksiyasını aktivəşdirdi.

 

  • 6. Digital Marketinqdə uğurlu olmaq üçün nələrdən qaçmaq və nələrə fikir vermək lazımdir?

Digital marketinqin özünəməxsus qaydaları var, verdiyi həddən çox imkanlar var. Bunları nə qədər yaxşı öyrənsək fəaliyyətimiz o qədər çox effektiv olacaq. Trendləri, populyar sosial media kanallarında baş verən yenilikləri, texnologiyanın verdiyi yeni imkanları daima araşdırmaq, test etmək lazımdır.

 

  • 7. Digital marketinqin istifadə qaydaları bizness sahəsindən asılı olaraq dəyişir ya necə?

Digital marketinqin istifadə qaydaları əslində standartdır, biznesə görə dəyişmir. Biznesə görə dəyişən dijital marketinq tətbiq növləri, tətbiq üsullarıdır. Hansı biznesdə hansı dijital kanallar daha effektiv olacaq, bunu təhlil etmək və müəyyənləşdirmək lazımdır.

 

  • 8. Azərbaycanda digital sahəninin inkişafı üçün hansı addımlar atılmalıdır?

Maarifləndirmə. Əsas məsələ budur. Həm marketinq şirkətləri, həm KİV-lər, həm də bu sahədə çalışan müxtəlif insanlar bu barədə maarifləndirici fəaliyyət göstərməlidir ki, insanlar, xüsusən sahibkarlar digital marketinqin üstünlüklərini, verdiyi imkanları anlasın.

 

  • 9. Bəs siz bu sahədə nə kimi işlər yerinə yetirirsiniz?

Biz Mediamark Agentliyi olaraq sırf yuxarıda danışdığımız məsələləri – digital marketinq fəaliyyətini partnyorlarımız üçün təşkil edirik. Buraya şirkətin sosial media hesablarının idarəçiliyindən tutmuş müxtəlif dijital trendlərin tətbiqinədək müxtəlif  fərqli sahələr əhatə olunur. Influencer marketinq platforması – Keepface, tədbirlərə dijital rəng verən – boxx texnologiyası və s. bu kimi alətlərdən istifadə edirik.

Həmçinin mən Sosial Media Marketinqi mövzusunda təlimlər və seminarlar keçirəm. 2016-cı ildə onlarla seminar təşkil etdik, müxtəlif universitetlərimizdə və təlim mərkəzlərində yüzlərlə dostlarımızla bu sahədəki təcrübəmizi bölüşdük və bölüşməkdə davam edirik.

Maarifləndirməkdən danışdıq, artıq iki ildən çoxdur ki, Orkhanrza.com bloqu fəaliyyət göstərir. Bloqda dijital marketinq, startap, biznes kimi mövzular üstünlük təşkil edir. Bloqun əsas məqsədi bu mövzularda əldə etdiyimiz təcrübələri bölüşməklə bu sahəyə maraqlı insanları maariflənirməkdir.

 

  • 10. Qlobalaşan dünyada bütün sahələrin, bizneslərin digital əlaqə kanallarına malik olması önəmlidirmi?

“Önəmlidirmi?” sualı zəif qalır məncə. Bugünkü gündə bizneslərin digitalla əlaqədə olmaması qeyri-mümkündür. Yəni digital kanallarda olmayan ciddi, tanınmış, reytinqli brend təsəvvür etmək çətindir. Bugünün tələbi digitaldir.

 

Hazırladı: Şəhanə Talıbova