2017-də SEOda Bizi Nələr Gözləyir?
2017-də SEOda Bizi Nələr Gözləyir?

2017-də SEOda Bizi Nələr Gözləyir?

Orxan Rzayevlə müsahibəmizdə rəqəmsal marketinq sahəsindəki ən son yeniliklərdən danışdıq. Müsahibimizin də bildirdiyi kimi, bu sahədə yeniliklər digər sahələrlə müqayisədə daha tez köhnəlir. Eyni fikir, təbii ki, rəqəmsal marketinqin bir qolu olan SEO marketinq üçün də keçərlidir.

Qarşıdakı ildə saytınızın SEO funksiyasını təkmilləşdirmək üçün ən son trendlərlə ayaqlaşmaq lazımdır ki, saytınız yüksək şəkildə funksionallığını qorusun və rəqabətdə geri düşməsin.

Bəs 2017 üçün proqnoz verilən bu trendlər hansılardır?  

- İstifadəçilərə uyğun məqsədyönlülük. Açar sözlər(keywords) nə qədər vacib olsa da, bəsit sözlərdən istifadə bəsit nəticələr verir. Müasir müştərilər nə axtardığını daha dəqiq bilir, müştəri axtarışını dəqiqləşdirdikcə axtarış sistemləri müştərinin məqsədini daha yaxşı anlayır və axtarış nəticələrini də buna uyğun sıralayır. Belə ki, artıq müştərilər axtarış zamanı tam ifadələrdən istifadə edirlər, məsələn, “seo” yerinə “daxili seo-nun tətbiqi” kimi daha dəqiq ifadələrdən istifadə edərək hədəfləndikləri informasiyanı daha tez əldə edirlər. Buna görə də, daha yaxşı olar ki, internet istifadəçilərinin axtarış zamanı istifadə etdikləri ifadələri, hədəflədikləri məlumatı araşdırıb, saytınızın açar sözlərini buna uyğun nizamlayasınız.

- Zəngin cavablar və snippetlər. Artıq insanlar sualları olduqda bir-birlərinə deyil, google-a müraciət edirlər. Google da insanların tələblərini ən sürətli bir şəkildə cavablandırmağa çalışır. Məsələn, siz Goolge-dan “how to tie a tie” soruşsanız, axtarış zamanı ilk qarşınıza çıxacaq cavab qalstuk bağlamağın mərhələli üsulu olacaq- özü də heç bir sayta klikləmədən! Təbii ki, bu cavabı Google saytlardan birindən götürür və sizin qarşınıza qoyur ki, vaxt itirməyəsiniz. Belə mərhələli cavalara “zəngin cavablar (rich answers)” deyilir. Zəngin snippetlər(rich snippets) isə axtarış zamanı istifadəçilər üçün olduqca əlverişli məlumatları göstərməklə onların seçimini asanlaşdırır. Belə optimizasiyanı həmin saytın qurucuları “structured data markup” vasitəsi ilə həyata keçirirlər. Bu daxili SEOnun bir hissəsidir və gələcək məqalələrimizdə bu barədə informasiya veriləcək.

Statistikaya əsasən, saytların zəngin cavablardan istifadəsi dünyada 2014-dən 2016-a kimi 2 dəfə artıb, növbəti illərdə də daha çox artımı gözlənilir.

- Mobil istifadəçilərin artımı. Son illərdə mobil istifadəçilərin artımı SEOnun funksionallığına da ciddi təsir göstərib. Belə ki, 2015-ci ildə Google araşdırmalarının nəticəsinə əsasən, dünyada mobil telefon vasitəsi ilə internetdən istifadənin sayı kompüter vasitəsi ilə istifadəni keçib. Bu da öz növbəsində mobil telefonlar üçün əlverişli olan saytların şansını artırır. Saytın SEO-nu nizamlayarkən artıq ilk növbədə mobil yararlılığını nəzərə almaq lazımdır.

- Səsli axtarışın inkişafı. Səsli axtarış daha asan və sürətli olduğu üçün uzunmüddətli trendə çevrilib. Texnologiya inkişaf etdikcə səsli axtarış daha da təkmilləşdirilir. 2017-ci ildə axtarış sistemləri səsi tanımaqla kifayətlənmir, onu daha yaxşı dərk etməyə çalışacaqlar. Siri, Google Now və Cortana sürətlə təkmilləşdikcə, səsli axtarış rəqəmsal dövrün ən güclü trendlərindən birinə çevrilir. 2017ci ildə SEOnuzu təkmilləşdirərkən sadəcə yazılı mətnə fokuslanmağınız deyil, səs innovasiyalarından da istifadəniz məsləhətdir.    

 

Hazırladı: Lalə Rüstəmli